2024-cü il mayın 15-də Xəzər Universitetinin “İqtisadiyyat və menecment” departamentinin nəzdində fəaliyyət göstərən “İqtisadçı” klubunda "İqtisadiyyat və idarəetmə ixtisasları üzrə xaricdə təhsil, mübadilə və inkişaf proqramları" mövzusuna həsr olunan elmi-praktik seminar təşkil olunmuşdur. Tədbirdə təhsil, karyera və şəxsi inkişaf üzrə mütəxəssis EDDE Global şirkətinin direktoru, həmçinin Mediasiya Şurasının Təlim və Təhsil üzrə Əməkdaşlıq komissiyasının Sədri Miryusif Cavadzadənin mövzu üzrə geniş təqdimatı oldu.
50-yə yaxın tələbənin iştirak etdiyi seminarda təlimçi ilk öncə xaricdə təhsilin gənclərin şəxsi inkişafına, akademik bacarıqlarına, mədəni təcrübələrinin zənginləşməsinə və karyera imkanlarının artmasına müsbət təsir etdiyini qeyd etdi. Tədbir zamanı xaricdə təhsil üçün düzgün proqram seçimi, yaşam şəraiti, məzunların şəbəkələşməsi, karyera fürsətləri, təqaüd imkanları, düzgün maliyyə planlaması, müraciət mərhələləri, tələb olunan sənədlər, praktikada üzləşilən ən geniş yayılmış problemlər, mübadilə proqramları, düzgün ixtisas seçimi metodikaları, təməl bacarıqlar və s. istiqamətlərdə sual-cavablı və geniş təqdimat keçirildi.
Sonda tələbələr “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” barədə geniş məlumatlandırıldı. Həmçinin iştirakçılara Xəzər Universitetində tələbələr üçün yaradılan xaricdə təhsil və mübadilə imkanlarından daha effektiv yararlanmalarına dair praktik tövsiyələr verildi.
.png)


0 Comments