“İqtisadçı” Klubu maliyyə və mühasibatlıq ixtisası üzrə iş dünyası ilə əlaqələri genişləndirir

 2023-cü il dekabrın 13-də Xəzər Universitetinin “İqtisadiyyat və menecment” departamentinin nəzdində fəaliyyət göstərən “İqtisadçı” tələbə inkişaf klubunda "Maliyyəçi və mühasib peşəsi: iş dünyası və universitet təhsilindəki son trendlər" mövzusunda elmi-praktik seminar təşkil olunmuşdur. Seminarda təcrübəli maliyyəçi, BERC Group təşkilatının maliyyə, vergi uçotu və mühasibatlıq üzrə mütəxəssisi Samir Ağayev mövzu üzrə geniş təqdimatla çıxış etmişdir. 60-a yaxın tələbənin iştirak etdiyi seminarda Samir Ağayev iş dünyası və universitet təhsilindəki uzunmüddətli təcrübəsi və bilikləri əsasında tələbələrin qeyd olunan sahələr üzrə əmək bazarının standartlarına uyğun mütəxəssis kimi formalaşması üçün zəruri olan bilik və bacarıqlar, onların əldə edilməsi üsul və formaları, maliyyə yönümlü ixtisaslar üzrə əmək bazarındakı son durum, mövcud imkanlar, təhdidlər və perspektivlər barədə məlumat vermişdir. Seminarda maliyyə və mühasibatlıq peşələrinin xüsusiyyətləri, vəzifə öhdəlikləri, əmək bazarındakı əsas tələblər, maliyyə-mühasibat üzrə qanunvericilik bazası, proqram təminatları, beynəlxalq və yerli sertifikasiyalar, yumşaq və sərt bacarıqlar, fərdi inkişaf üçün maliyyə təhsili imkanları, həmçinin maliyyəçi və mühasib kadrların hazırlanmasına münasibətdə iş dünyası ilə universitelərint yanaşmalarının müqayisəli təhlili və s. mövzular barədə interaktiv müzakirələr aparılmışdır.

Təlimdən sonra tələbələrin mövzu barədə əlavə sualları cavablandırılmış və onlara universitetdə tədris edilən maliyyə yönümlü fənlərə daha ciddi hazırlaşmaları üçün zəruri tövsiyələr verilmişdir.






Post a Comment

0 Comments